Çox vaxt baxacağım filmi seçməzdən əvvəl onun janrına, treylerinə və reytinqinə baxıram, haqqında yazılan bir neçə müsbət və mənfi rəyləri (çox vaxt yalnız müsbət) ötəri gözdən keçirirəm və bunlar məndə filmə baxmaq həvəsi oyadırsa, annotasiyanı oxumuram. İndi haqqında danışacağım filmin annotasiyasını oxusaydım yəqin ki, haqqında danışmazdım. Çünki mövzunun böyük bir hissəsini homoseksuallıq əhatə edir və bu mövzu da məndə ikrah hissi oyatdığı üçün heç vaxt bu tip filmlərə baxmıram. Filmin əvvəlindən mövzunun homoseksuallığa doğru istiqamətləndiyini hiss etsəm də səbr edib sona qədər izlədim. Yəqin ki, buna səbəb filmdə digər mövzuların mükəmməl təsviri və əla aktyor oyunu oldu.Keçək filmə.
“C.R.A.Z.Y.”
– 1960-70 ci illərdə Kanadada yaşayan ata, ana və onların 5 oğlunun (Christian, Raymond, Antoine, Zachary,
Yvan) daha dəqiqi isə 4-cü oğul Zakın dramından bəhs edən bir filmdir. Digər
bütün qardaşlar bir-birindən fərqlidir. Biri oxumağı sevir, biri idmanı, ən
böyük qardaş və Zakın da tez-tez konfliktlər yaşadığı Raymond isə avaralıq eləməyi.
Zak isə bütün qardaşlarından bir neçə səbəbə görə fərqlənir,o yeni ildə
dünyaya gəlib və İsa peyğəmbərlə eyni gündə dünyaya gəldiyi üçün anası onun İlahi
bir gücə, vergiyə sahib olduğunu düşünür. Zak özü isə bu haldan o qədər də məmnun
deyil, hətta zamanla ateist belə olur. İnanclı və mülayim ananın sevimlisi olan
Zak özü də mülayim xasiyyətlidir. Oğullarını “əsl kişi” kimi böyütməyə çalışan sərt
atanın fikrincə isə Zak incə bir qız kimi böyüyür. Valideynlərinin onun haqda
söhbətlərini eşidən Zak hər gün tanrıya “incə” olmaması haqda dua edir.
Atasının onun haqda fikirlərini dəyişməsi üçün özünü olduğu kimi deyil, fərqli
göstərir və həqiqətən fərqli olduğuna atası ilə bərabər özünü də inandırmağa
çalışır. 16 yaşında Zak gey olduğunu hiss edir və artıq öz cinsinə qarşı olan şəhvət
hissi ilə mübarizə aparır. Çünki gey oğul ata üçün faciə deməkdir. Gey
olmadığına özünü və ətrafı inandırmaq üçün Zak hətta qız sevgili də tapır.
Zakın bu mübarizəsi haqda çox danışıb filmə baxmayanların marağını öldürməmək
üçün əsas qəhrəman Zak haqda bu qədər məlumat kifayətdir deyə fikirləşirəm.
Film əsasən
Zakın üstündə qurulsa da mən ən çox rejissorun yaratdığı ata obrazını bəyəndim.
İdeal bir ata olaraq deyil,oğullarına qarşı münasibətdə, verdiyi tərbiyədə, yönləndirdiyi
istiqamətlərdə filmin sonlarına doğru səhvini başa düşən bir ata olaraq. Nə qədər
sərt biri olsa da o bir atadır və rejissor atanın heç nəyə baxmayaraq oğullarına
sahib çıxmasını, onlara yenə də atalıq etməsini gözəl təsvir edib.O, narkoman
olduğu üçün evdən ayrılan böyük oğlu Raymondu heçnəyə baxmayaraq yenə də əvvəki
kimi sevir, onu qəbul edir.Onun üçün faciəvi bir şey olan, gey olması haqda
söz-söhbətlər gedən və özünün də şübhələndiyi Zakı da əvvəlki kimi sevir. Onun
sona qədər mübarizə aparmalı olduğuna inanır. Filmin sonlarına doğru Zakla bu
barədə etdiyi söhbət ən təsirli səhnələrdən biri oldu mənim üçün.
Yekunda
demək istəyirəm ki, film şedevr deyil. Amma düşünürəm ki, ən azı bir dəfə baxmağa
dəyər. Filmdə ər arvad,ata oğul,qardaşların bir-biriləri ilə uşaqlıq və yeniyətməlik
dövrü münasibətləri gözəl təsvir edilib. Əla aktyor oyunu, gözəl rejissor işi və
dövrə uyğun seçilmiş möhtəşəm musiqilər.
Filmdən
ən çox bəyəndiyim sitat:
Narahat olma, ana, sənin tanrın məni gözdən qoymur.
Filmdən ən çox bəyəndiyim musiqi:
- kinopoisk - 8.2
- imdb - 7.9

No comments:
Post a Comment