January 3, 2013

Sadə insanlar...Kiçik arzular...Böyük ümidlər...



                                                                           
"Sərçələrin nəğməsi" (Avaze gonjeshk-ha) - mən bu filmlə növbəti dəfə İran kinematoqrafiyasına heyran oldum. Rejissor 1997-ci ildə "Cənnətin uşaqları" (Bacheha-Ye aseman) filmi ilə ən yaxşı xarici film nominasiyası üzrə Oskar mükafatına namizəd olmuş Məcid Məcididir. Maraqlıdır ki, rejissor kifayət qədər məşhur və film tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş olsa da, çox geniş yayılmağı bacara bilməmişdir. Amma izlədikdən sonra başa düşülür ki, heç geniş kütlə üçün nəzərdə tutulmayıb. Xeyr, demək istəmirəm ki, buna baxmaq üçün dahi, çox dərin bir insan olmalısan. Əksinə, çox sadə, çox təbii və anlaşıqlıdır. Ancaq mən fikirləşirəm ki, bəzi filmlər insanlar kimidirlər, kiməsə dərdini danışıb "amma sən hardan anlayasan mənim halımdan" deyən insanlar kimi. Ağır film, ağır kitab və sair bu kimi ifadələri heç vaxt bəyənməmişəm. Razıyam ki, çətin anlaşılan əsərlər var, amma çətin anlaşılan əsər elə çətin anlaşılan əsərdir, ağır əsər deyil. Məncə hər bir filmin və ya kitabın ağırlığı insana yaşatdığı hisslərin, duyğuların, buraxdığı izlərin ağırlığı qədərdir. "Sərçələrin nəğməsi"  də çətin başa düşülən yox, ağır filmlərdən oldu mənim üçün.

"Sərçələrin nəğməsi" sadə, sıradan insanların, yoxsul bir ailənin kiçik arzularından və onların daha yaxşı həyata olan ümidlərindən bəhs edir. Filmdə əsas obraz yuxarıdakı şəkildə gördüyünüz Kərimdir. Onun Nərgiz adında gözəl bir həyat yoldaşı, iki qızı, nadinc bir oğlu və bir də motosiklı var. Kərim dəvəquşu fermasında işləyir və bir dəvəquşunun fermadan qaçmasında təqsirləndirilib işdən qovulur. Elə bu vaxtda böyük qızının eşitmə aparatı xarab olur və qızının imtahanları yaxınlaşdığı üçün o bu eşitmə aparatının təmir etdirməlidir. Aparatı təmir etmək mümkün deyil, yenisini almağa isə Kərimin imkanı çatmır. Aparatı təmir etdirmək üçün paytaxta yollanan Kərimi səhvən taksi bilib motosiklına bir müştəri əyləşir və bununla da Kərimin yeni iş həyatı başlayır. O dəvəquşu fermasında qazandındığından daha çox qazanmağa başlayır. Kərimin tək arzusu qızına eşitmə aparatı almaq və ailəsinə daha gözəl həyat bəxş etməkdir. Həmişə halal pul qazanan, gördüyü işi vicdanla görən Kərim isə böyük şəhərdə çox fərqli hadisələrlə rastlaşır. Kərimin nadinc oğlu Hüseynin də arzusu var.  O, öz dostları ilə yaxınlıqdakı artıq istifadə olunmayan su quyusunda çoxlu qızıl balıq alıb saxlamaq və bununla çoxlu pul qazanmaq arzusundadır. Balaca Hüseynin bu arzusuna Kərim gülür, lakin Hüseyn öz arzusuna atasından daha yaxındır.

Filmin dublyaj olunmuş versiyasını heç bir saytda tapa bilmədim. Filmə orijinaldan, rusca alt yazılarla baxmalı oldum və deyərdim ki, belə baxmaq daha xoşdu. Buna birinci səbəb filmin sadə dilidir. Alt yazılarla baxmasanız belə, inanın ki, filmə baxmaq mümkündür. İkinci səbəbi isə videodan daha yaxşı anlayacaqsınız məncə. Sonda filmə baxmaq üçün link paylaşıram və hər kəsi filmə baxmağa dəvət edirəm. Baxın, bəlkə də öz kəndinizi, qonşunuzu və ya sizə tanış birilərini görəcəksiniz.

filmi onlayn izləmək üçün ( türçə alt yazılı )   (Rusca alt yazılı) 

December 12, 2012

Həyatın dadı...

Əzizim, uçdum gəl,Dost bağına düşdüm gəl,Yaxşı günün qardaşı,Yaman günə düşdüm gəl...

Bəzi şeyləri həyata keçirmək daha asandı, nəyinki onlar haqda danışmaq...



"Gilas dadı" 1997- ci ildə İranlı rejissor Abbas Kiyarüstəmi tərəfindən çəkilmiş və Kann kinofestivalının əsas mükafatına layiq görülmüşdür. İran rejissorlarının bundan əvvəl izlədiyim və çox bəyəndiyim bir neçə filmi olub. Bu filmin də tənqidçilər tərəfindən yüksək qiymətləndirildiyini, imdb və kinopoisk reytinqlərinin də bəs qədər (7.5 və 7.6) yüksək olduğunu görüb baxmaq qərarına gəldim. Demək olar mövzudan xəbərsiz və treylerini izləmədən. Filmin əvvəlləri çox cansıxıcı gəldi və açığı heçnə başa düşə bilmirdim. Böyük bir hissəsi əsas qəhrəmanın, ya da qəhrəman deməyim, əsas obraz Cənab Badinin avtomobillə çöllərdə axtarışından ibarətdir. Cənab Badi intihar etməyə qərar vermiş, özünə hətta məzar da seçmişdir. Axtarışının məqsədi isə özünü öldürdükdən sonra onu basdıracaq birisini tapmaqdır. Badinin hardan gəldiyi, nəyə görə özünü öldürmək istədiyi açıqlanmır. Film boyu üç nəfərlə Badi bu barədə söhbət edir, üç maddi ehtiyac içində olan tamamilə yad insanla. Onlara bunun müqabilində böyük məbləğdə pul təklif edir. Görəcəkləri iş isə Badinin özünün dediyi kimi, sadəcə səhər tezdən gəlib, Badinin əvvəldən hazırladığı və artıq ölü olaraq uzanacağı məzara torpaq tökməkdir. Bəs bu iş həqiqətən də sadədirmi? Xeyr, deyil. Badi tapdığı insanlarla açıq söhbət edir. Ölümdən danışmaq, intihardan danışmaq, öz intiharından danışmaq bütün ümidini itirmiş, çarəsiz biri üçün asan ola bilər, lakin ona qulaq asan üçün yox. Elə özümüzü götürək, nadir hallarda da olsa dostlarımızla, ya da ailə içində nəsə ölümdən danışdıqda, hər kəs mövzunu tez dəyişməyə çalışır. Qayıdaq filmə.

Badinin tapdığı üç nəfərdən birincisi əsgər olan bir gəncdir. Badinin ona təklifi bu gənci o qədər qorxudur ki, o elə maşından düşüb arxasına baxmadan qaçır. İkinci tapdığı isə seminarda oxuyan cavan bir oğlandır. O, inanclıdır, Badinin təklifinə qulaq asır, lakin qəbul etmir, onu çəkindirməyə çalışır, bunun günah olduğunu izah etməyə çalışır. Badi intiharın günah olduğunu bilir. Onun fikrincə isə bədbəxt olmaq, bu bədbəxtliyinlə başqalarına acı çəkdirmək də günahdır. Ona görə də bədbəxt olaraq yaşayıb yaxınlarına əziyyət vermək günahının əvəzinə o, intihar etməyi seçir.

"Sənə bir xatirəmi danışım, bu mən evlənəndən sonra olmuşdu. O qədər problemlərimiz var idi ki, hər şeydən bezmişdim. Bir gün hər şeyə son qoymaq qərarına gəldim. Hər şeyi götür-qoy elədim və səhər açılmamış maşına bir kəndir qoydum və çıxdım. 1960-ci il idi. Tut plantasiyasına gəldim, kəndiri tut ağaclarından birinin budağına bağladım, hələ də qaranlıq idi. Kəndir yaxşı bağlanmamışdı. Mən bir dəfə cəhd elədim, alınmadı. İkinci dəfə yenə alınmadı. Sonra çıxdım ağaca, kəndiri möhkəm bağladım. Amma əlimdə nəsə yumuşaq bir şey hiss elədim. Tut, şipşirin tut. Mən birini yedim, ikisini yedim, xoşuma gəldi. Sonra yenə yeməyə davam elədim. Bir də baxdım ki, dağların arxasından günəş çıxmağa başlayır artıq. Elə gözəl mənzərə idi ki. Sonra gördüm ki, uşaqlarım məktəbə gedirlər. Məni görüb dayandılar. Sonra ağacı sirkələməyimi istədilər. Yerə tökülən tutdan onlar da yedilər. Mən özümü xoşbəxt hiss edirdim və biraz da tut yığıb qayıtdım evə. Yoldaşım hələ yatırdı mən gedəndə, amma o da oyananda tutdan yedi, onun da çox xoşuna gəldi. Getmişdim özümü öldürməyə, tut yığıb qayıtdım evə. Tut mənim həyatımı xilas elədi."


Keçək Badinin üçüncü dostuna və mənə görə filmin qəhrəmanına. Yaşlı, müdrik və kifayət qədər həyat təcrübəsi olan bir kişi. O, Badinin təklifini qəbul edir, lakin onu qərarından daşınması üçün çox çalışır, yol boyu danışaraq ona kömək etmək istəyir. Filmin əsas mövzusu, adı, elə mənası da bu qocanın söhbətlərindədir. Filmin əsas mövzusu mən deyərdim ki, intihar və ölüm yox, tam əksi həyat və yaşamaqdır. Rejissor yaşamaq üçün, bu dünyada xoşbəxt olmaq üçün xırda və ya böyük o qədər səbəb olduğunu göstərir ki, Badiyə və onun timsalında filmi izləyən hamıya. Mən ümidini itirmiş, çarəsiz və intihara hazırlaşan biri deyiləm, amma film mənə də təsir elədi. Bir sözlə izləməyə dəyər, səbrli olub izləməyə dəyər.

December 6, 2012

"4 ay, 3 həftə və 2 gün"


Kiminsə məsləhəti ilə filmə baxmağı sevmirəm və adətən aldığım məsləhətləri “bunlara  baxmalı” adlı qovluğa, özümün də hardansa tapdığım və baxmağı düşündüyüm filmlərin yanına atıram. Bu dəfə o qovluqda ha eşələndimsə də, nə məsləhət olunanlar içindən, nə də öz məsləhət bildiklərimdən hansısa birinə baxmağa həvəs oyanmadı. Mən də kinopoisk.ru saytının Случайный фильм rejimindən istifadə eləmək qərarına gəldim. Elə bir neçə cəhddən sonra adı məndə maraq oyadan bir film çıxdı qarşıma. Mövzusunu oxudum, çox fərqli gəldi. Treylerini də izlədikdən sonra isə düşünmədən baxmağa qərar verdim. 

Haqqında danışmaq istədiyim film "4 ay, 3 həftə və 2 gün" adlanır və mən bu  "4 ay, 3 həftə və 2 gün" -ü bir nəfəsə izlədim. Filmdə heç bir mövzu, heç bir səhnə şişirdilməyib və çox təbii çəkilib. Hadisələr bir gündə baş verir və şəxsən məndə elə bir təəsurat yarandı ki, elə bil film özü də bir günə çəkilib. Baxdığım zaman sanki hər hansı bir aktyor oyunu deyil, real həyatdan səhnələr, real həyatdan insanlar izləyirdim. Filmdə demək olar heç bir musiqidən istifadə olunmayıb. Musiqi hər hansı bir səhnəyə daha çox hiss, həyəcan qatmaq üçün verilirsə, burda bütün səhnələr o qədər əla işlənib ki, bütün emosiyalar o qədər gözəl çatdırılıb ki, heç bir musiqiyə ehtiyac belə duyulmur, hətta deyərdim ki, hər hansı bir musiqi artıqlıq edərdi. 

Beləliklə 1987 - ci ildə Buxarestdə təhsil alan və tələbə yataqxanasında bir otağı bölüşən Atiliya və Qabita adlı iki rəfiqə. Qabita hamilədir və abort elətdirmək istəyir. Bu dövr Rumıniyada hakimiyyətdə olan rejim isə abortu qadağan etdiyi və buna görə ağır cəzalar tətbiq etdiyi üçün rəfiqələr qeyri-qanuni yolla bunu etməyə qərar verirlər. Lakin film abort elətdirəcək Qabitanın deyil, Atiliyanın dramıdır. 

Pullarının az olması səbəbi ilə rəfiqələr bu işi daha ucuz görən Cənab Bebe adlı birini tapırlar. Çatışmayan pulu tamamlamaq üçün Atiliya hətta sevgilisindən belə borc alır. Yığdıqları pulun az olduğunu söyləyən Bebe isə rəfiqələrə qarşılıq olaraq onunla yatmasını təklif edir. Rəfiqələr belə bir təklif gözləmirlər. Qabita həyəcanlı, zəif xarakterli, Atiliya isə əksinə təmkinli, iradəli və çox güclüdür. Bəs yaxın olsa belə rəfiqəyə görə bu fədakarlığa getməyə dəyərmi? 

Sevgilisinin anasının ad gününə gələn Atiliya sevgilisinə Qabitanın abortu barədə danışır və bu səbəbdən tez qayıtmalı olduğunu söyləyir. Bu arada o sevgilisinə "bəs mən hamilə qalsam nə edəcəksən?" sualını verməyə də imkan tapır və onların arasında maraqlı bir dialoq keçir. Yenə də filmə baxmayanların marağını öldürməmək üçün hadisələrin gedişatı barədə daha artıq yazmıram. 

Ümumiyyətlə isə film məndə cavabını verməkdə çətinlik çəkdiyim bir çox sual yaratdı. Yaxın dosta görə insan nələrindən keçməyə hazırdır? Bəs yaxın dost bu fədakarlıqlara razı olmalıdımi öz xeyri üçün?  Abort elətdirmək, ya hələ dünyaya gəlməmiş körpəni öldürməkdir cinayətdi? Yoxsa həmin insanı dünyaya gətirmək?

İlk dəfə idi ki, Rumıniya istehsalı bir film izlədim və açığı heyran qaldım. O dövrün komunist rejimində Rumıniya çox gözəl təsvir olunub. Rejissor rejimin tək abort qadağasını deyil, bir çox başqa mənfi tərəflərini də göstərə bilib. Film 2007- ci ildə başda Kann kinofestivalının olmaqla bir çox başqa mükafatlara da layiq görülüb. 


December 5, 2012

«Growing up in this family, you'd have to be... C.R.A.Z.Y.»



Çox vaxt baxacağım filmi seçməzdən əvvəl onun janrına, treylerinə və reytinqinə baxıram, haqqında yazılan bir neçə müsbət və mənfi rəyləri (çox vaxt yalnız müsbət) ötəri gözdən keçirirəm və bunlar məndə filmə baxmaq həvəsi oyadırsa, annotasiyanı oxumuram. İndi haqqında danışacağım filmin annotasiyasını oxusaydım yəqin ki, haqqında danışmazdım. Çünki mövzunun böyük bir hissəsini homoseksuallıq əhatə edir və bu mövzu da məndə ikrah hissi oyatdığı üçün heç vaxt bu tip filmlərə baxmıram. Filmin əvvəlindən mövzunun homoseksuallığa doğru istiqamətləndiyini hiss etsəm də səbr edib sona qədər izlədim. Yəqin ki, buna səbəb filmdə digər mövzuların mükəmməl təsviri və əla aktyor oyunu oldu.Keçək filmə.  

“C.R.A.Z.Y.” – 1960-70 ci illərdə Kanadada yaşayan ata, ana və onların  5 oğlunun (Christian, Raymond, Antoine, Zachary, Yvan) daha dəqiqi isə 4-cü oğul Zakın dramından bəhs edən bir filmdir. Digər bütün qardaşlar bir-birindən fərqlidir. Biri oxumağı sevir, biri idmanı, ən böyük qardaş və Zakın da tez-tez konfliktlər yaşadığı Raymond isə avaralıq eləməyi. Zak isə bütün qardaşlarından bir neçə səbəbə görə fərqlənir,o yeni ildə dünyaya gəlib və İsa peyğəmbərlə eyni gündə dünyaya gəldiyi üçün anası onun İlahi bir gücə, vergiyə sahib olduğunu düşünür. Zak özü isə bu haldan o qədər də məmnun deyil, hətta zamanla ateist belə olur. İnanclı və mülayim ananın sevimlisi olan Zak özü də mülayim xasiyyətlidir. Oğullarını “əsl kişi” kimi böyütməyə çalışan sərt atanın fikrincə isə Zak incə bir qız kimi böyüyür. Valideynlərinin onun haqda söhbətlərini eşidən Zak hər gün tanrıya “incə” olmaması haqda dua edir. Atasının onun haqda fikirlərini dəyişməsi üçün özünü olduğu kimi deyil, fərqli göstərir və həqiqətən fərqli olduğuna atası ilə bərabər özünü də inandırmağa çalışır. 16 yaşında Zak gey olduğunu hiss edir və artıq öz cinsinə qarşı olan şəhvət hissi ilə mübarizə aparır. Çünki gey oğul ata üçün faciə deməkdir. Gey olmadığına özünü və ətrafı inandırmaq üçün Zak hətta qız sevgili də tapır. Zakın bu mübarizəsi haqda çox danışıb filmə baxmayanların marağını öldürməmək üçün əsas qəhrəman Zak haqda bu qədər məlumat kifayətdir deyə fikirləşirəm. 

 Film əsasən Zakın üstündə qurulsa da mən ən çox rejissorun yaratdığı ata obrazını bəyəndim. İdeal bir ata olaraq deyil,oğullarına qarşı münasibətdə, verdiyi tərbiyədə, yönləndirdiyi istiqamətlərdə filmin sonlarına doğru səhvini başa düşən bir ata olaraq. Nə qədər sərt biri olsa da o bir atadır və rejissor atanın heç nəyə baxmayaraq oğullarına sahib çıxmasını, onlara yenə də atalıq etməsini gözəl təsvir edib.O, narkoman olduğu üçün evdən ayrılan böyük oğlu Raymondu heçnəyə baxmayaraq yenə də əvvəki kimi sevir, onu qəbul edir.Onun üçün faciəvi bir şey olan, gey olması haqda söz-söhbətlər gedən və özünün də şübhələndiyi Zakı da əvvəlki kimi sevir. Onun sona qədər mübarizə aparmalı olduğuna inanır. Filmin sonlarına doğru Zakla bu barədə etdiyi söhbət ən təsirli səhnələrdən biri oldu mənim üçün. 

Yekunda demək istəyirəm ki, film şedevr deyil. Amma düşünürəm ki, ən azı bir dəfə baxmağa dəyər. Filmdə ər arvad,ata oğul,qardaşların bir-biriləri ilə uşaqlıq və yeniyətməlik dövrü münasibətləri gözəl təsvir edilib. Əla aktyor oyunu, gözəl rejissor işi və dövrə uyğun seçilmiş möhtəşəm musiqilər. 

Filmdən ən çox bəyəndiyim sitat: 
Narahat olma, ana, sənin tanrın məni gözdən qoymur.

Filmdən ən çox bəyəndiyim musiqi: 







  • kinopoisk - 8.2
  • imdb        - 7.9